Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) — 154 gənclər təşkilatını birləşdirən qurumdur.
== Haqqında ==
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci il 21 noyabr tarixində 11 gənclər təşkilatının təşəbbüsü ilə təsis olunmuş, Azərbaycanın vahid gənclər platforması və aparıcı gənclər təsisatı olaraq ətrafında regional, milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Milli Şura Azərbaycanın gənclər təşkilatlarının vahid əlaqələndirmə və əməkdaşlıq mərkəzi olmaqla onların eyni zamanda gənclər təşkilatlarının beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.
== Məqsəd ==
Gənclər Təşkilatları Milli Şurası öz tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərinin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.
NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.
== Struktur ==
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası qarşısına qoyduğu məqsəd və vəzifələri həyata keçirmək üçün Əsasnamə və Nizamnaməyə uyğun olaraq xüsusi struktura malikdir.
=== Qurultay ===
Gənclər Təşkilatları Milli Şurasının ali qərarverici orqanıdır və ən azı 2 ildə 1 dəfə çağrılır. Qurultay Nizamnaməni, təşkilatın fəaliyyətini tənzimləyən əsasnamə qəbul edir, ona əlavə və dəyişikliklər edir, üzvlərin qəbul və xaric edilməsi ilə bağlı Məclisin qərarlarını təsdiq edir, sədr və müavinləri, büro üzvlərini, MNTK üzvlərini seçir, NAYORA-nın əsas fəaliyyət istiqamətlərini müəyyən edir.
=== Məclis ===
Qurultaylararası dövrdə ARGTMŞ-ın qərarverici orqanıdır və ən azı 6 ayda 1 dəfədən az olmayaraq çağırılır. Məclis Milli Şuranın fəaliyyətini tənzimləyən qərarlar, fəaliyyət proqramını qəbul edir, üzvləri qəbul və ya xaric edir.